Həyat bir bağçadır, biz onun barı...
Ağasəf Əliyev
Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyi baş direktorunun əsaslı tikinti və quru nəqliyyatı üzrə müavini
Ağasəf Dünyamalı oğlu Əliyev 1939-cu ildə Salyanda anadan olmuşdur. Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun yetirməsidir. SSRİ Qaz Sənaye Nazirliyi sistemində idarə rəisi, trest müdiri işləmiş, “Əməkdar mühəndis” adına layiq görülmüş, bir neçə orden və medalla təltif olunmuşdur. 10 ildən çoxdur ki, Neft Şirkətində əsaslı tikinti üzrə baş direktorun müavinidir.
“Belə bir deyim var: “Teatr asılqandan başlayır”. Bu həqiqətə istinad edərək idarə, müəssisə və təşkilatlara, lap elə nazirlik və şirkətlərə də həmin sözü şamil edib demək olar. Filan idarənin və yaxud filan nazirliyin barəsində fikir yürüdərkən deyə bilərik: birliyin, şirkətin və ya nazirliyin qəbul otağı. Barəsində söhbət açmaq istədiyim Nəriman Ağaxan oğlu İsayevin işlədiyi baş idarə və nazirlikdə də qəbul otağı vardı. Mən bu qəbul otaqlarına daxil olduqda, burada adəti üzrə həmişə qələbəlik olurdu. Əksər yerlərdən fərqli olaraq, burada bir nizam-intizam ab-havası hiss edilirdi. Bununla yanaşı, hər şey çox sadə, yığcam və konkret surətdə həyata keçirilirdi. Kimin də sözü-sorğusu vardısa, elə ilk andaca keçirdi içəriyə. Bu qaydanı nazir Nəriman İsayev özü qoymuşdu. O, konkret olaraq belə tapşırmışdı: “Qəbuluma gələn şəxsləri uzun-uzadı sorğu-suala tutmaq lazım deyildir”. Səbəbini isə belə açıqlamışdı: “Birdəfəlik bilmək lazımdır ki, insanların qayğıya, köməyə ehtiyacı olur. Axı, hər hansı bir qayğı, kömək və yaxud problem – məmulat deyildir ki, onun istehsalını da planla tənzimləyə biləsən. İnsan qayğısında hədd-hüdud, konkret rəqəm yoxdur. Ona görə də hər bir rəhbər işçi qayğı və problem məsələsi xüsusi diqqətdə saxlamalıdır, vəzifəli şəxs insan taleyinə biganə olmamalıdır”.
Rəhmətlik çox diqqətli insan idi. Eyni zamanda, kadr seçiminə də son dərəcə məsuliyyətlə yanaşırdı. O, belə deyərdi: “Anketdəki məlumatlar insanın qabiliyyət və bacarığı üçün dəqiq meyar ola bilməz. Ən əsası budur ki, həmin insan öhdəsinə düşən, ona tapşırılan işin əhəmiyyətini anlayırmı, o, həmin işin öhdəsindən bacarıqla, qabiliyyətlə gələ bilirmi?”.
Yeri gəlmişkən onu da deyim ki, Nəriman İsayev tikinti kompleksinin ən iri qolu olan quraşdırma sahəsində uzun müddət rəhbər vəzifədə işləmiş şəxslərdən biridir. O, bu sahədə çox gözəl, sanballı kadrlar yetişdirə bilmişdir. Tikintidən az-çox başı çıxanlar bilirlər: ortabab inşaatçı-mühəndis bir ildə yüzlərlə insana bənnalıq, dülgərlik, betonçuluq, xarratlıq və s. peşəni öyrədə bilər. Amma ən bacarıqlı, ixtisaslı inşaatçı-mühəndis bir ildə hazırladığı quraşdırıcıları barmaqla saymaq olar, çünki quraşdırıcılıq peşəsi mürəkkəb və çətindir. Nəriman İsayev isə bu çətinliyi aradan qaldıra bildi.
Məhz onun səyi, qayğısı, səriştəsi və təcrübəsi sayəsində, əgər belə demək mümkündürsə, metal-dan, dəmirdən tələb olunan hər bir şeyi düzəltmək qabiliyyətinə malik olan quraşdırıcılar yetişdirildi. İnanırıq ki, Nəriman müəllimin yetirmələri qarşıdakı illərdə doğma Azərbaycanımızın müstəqilliyi na-minə tikinti kompleksində daha böyük uğurlar qazanacaqlar. Biz buna inanırıq və əminik. Kaş belə olsun...
Mən hesab edirəm ki, həmkarım, dostum olan Nəriman Ağaxan oğlu İsayev həyatın enişli-yoxuşlu yollarında çox şey görmüş, çox sınaqdan çıxmış, məhrumiyyətin acısını dadsa da, sevindiyi günlər daha çox olmuşdur. Yeri gələndə, nikbinliklə deyərdi: “Ay Ağasəf müəllim, həyat bir bağçadır, bizsə onun barı. Həyat inkişafdadır. O, inamla irəliyə doğru gedir, geriyə doğru yox. Mənim daxili aləmim və ürəyimdən keçənlər, baş verən müsbət hadisələr göstərir ki, inamım çoxdur...”.
Nəriman müəllim tam haqlı idi. Bəli, o, inamlı adam idi. Elə inamlı olduğu üçün də həmişə və hər yerdə uğur qazanardı, hörmət sahibi olardı rəhmətlik. Mən şəxsən Nəriman müəllimdən çox şey öyrənməli oldum. Nəriman İsayevin özünəməxsus çox gözəl iş üslubu vardı. Əvvəla, o, əsl təsərrüfatçı, səriştəli rəhbər işçi idi. Harada və nə vəzifədə işləyirdisə, bunu ilk andan büruzə verərdi. Çalışırdı ki, obyektlərdə, istehsalatda tikinti materiallarının qədri bilinsin. Çalışırdı ki, hər bir quraşdırıcıya başa salsın ki, işlətdiyi metalın hər qramının qədrini bilsin, onu qənaətlə işlətsin.
Zəhmət adamlarına xüsusi qayğı ilə yanaşardı. Eyni zamanda, özünə və tabeliyində olanlara münasibətdə tələbkarlığı da unutmazdı. Bunun üç şərtinə mütləq əməl edərdi:
1. Əməkdaş işə necə münasibət bəsləyir?
2. Məhsulun keyfiyyətinə necə münasibət bəsləyir?
3. Əmək intizamına necə əməl edir?
Bu üç şərtdən əlavə, həm də tabeçiliyində çalışanların anket məlumatlarına yox, ən çox kadrların işin öhdəsindən necə gəlməsi faktına üstünlük verərdi.
Nəriman müəllim hərtərəfli səriştəli rəhbər işçi idi, həm də vətənpərvər idi. Yadımdadır, mən işlədiyim idarə birbaşa Moskvaya tabe idi. Bu səbəbdən də biz inşaat materiallarına təminat bölgüsünü oradan alırdıq. Bölgü sənədini alan kimi Tikinti Materialları Sənayesi Nazirliyinə üz tuturduq. Burada isə Nəriman İsayev nazir vəzifəsində çalışırdı.
O, bu vəzifəyə gəlməzdən çox-çox qabaq biz bir-birimizi tanıyırdıq. Ancaq çox yaxın deyildik. Mən onun intizamlı olduğunu hələ boru-kəmər tikinti trestində işləyəndə görmüşdüm. Trest müdirinin qəbulunda olanda katibə qapını ehmalca açıb asta halda dedi: “Yoldaş İsayev, baş mühəndis gəlib”. Fikir verdim ki, trestin baş mühəndisi – ikinci şəxs, icazəsiz içəriyə daxil olmur, axı müdirin qəbulunda yad adam var. Bax, bu, əsl intizam və üstəlik, mədəniyyətdir...
Mən Tikinti Sənayesi Nazirliyinə gələndə də yenə həmin ab-havanı, həmin intizamı burada gördüm və biz heç bir süründürməçilik olmadan dərhal yola salınırdıq. Nəriman müəllim bilir və başa düşürdü ki, bizim təşkilat Moskvaya baxsa da, biz özümüz üçün, Azərbaycanımız üçün tikirik. Hətta bizə daha fəal kömək edirdi ki, Moskvadan daha çox vəsait alıb Azərbaycan üçün tikək, quraq…”