• slide1
     
  • slide1
     


  •  






...Tikdim ki, izim qala

 

Ardını oxu...
001.jpg

Azərbaycan tikinti kompleksinin iş ustadlarından söz düşəndə öncə Nəriman İsayevi yadıma salıram. Həqiqətən Nəriman Ağaxan oğlu ölkə tikinti kompleksində çox faydalı işlər görmüşdür.

Saleh Hacıyev

Nəriman müəllim hamımıza örnək idi

 

Telman Kazımov

"Azqur" Səhmdar Cəmiyyətinin sədri

 

Telman Məhəmməd oğlu Kazımov 1937-ci il fevral ayının 9-da Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun yetirməsidir. Tikinti kompleksində adi ustadan nazir vəzifəsinədək yüksəlmişdir. Hazırda "Azqur" Səhmdar Cəmiyyətinin sədridir.

“Ali təhsili başa vuran ilk gündən taleyimi ölkə tikinti kompleksinin ən iri qollarından biri olan qu-raşdırma sahəsinə bağlamışam. Onda quraşdırma işləri üzrə xüsusi baş idarə vardı. Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi. Rəhmətlik ilk gündən kadrların seçilməsi, tərbiyə olunması və istehsalatda yerləşdirilməsi ilə ciddi məşğul olurdu. Günlərin bir günü Nəriman müəllim məni öz yanına dəvət etdi. Mənimlə xeyli söhbətləşdikdən sonra gözlənilmədən dedi:

- Səni özümə müavin vəzifəsinə gətirmək istəyirəm.

- Nəriman müəllim, - deyə ona müraciət edib fikrimi bildirdim, - Mənə göstərdiyiniz etimada görə çox sağ olun, ancaq istəyirəm ki, birbaşa istehsalatda olum, işlədiyim idarədə, necə deyərlər, hamıya üzüm-gözüm öyrəşib.

Baş idarəmizin rəisi Nəriman Ağaxan oğlu İsayev qətiyyətlə dedi:

- Məgər baş idarədə müavin olanda istehsalatda olmayacaqsan? Hazırlaş, yaxın günlərdə təsdiq üçün Mərkəzi Komitəyə çağıracaqlar...

Həqiqətən çox çəkmədi ki, məni təsdiq üçün Mərkəzi Komitəyə - birinci katib Heydər Əliyevin qəbuluna çağırdılar. Getdim. 1972-ci ilin fevral ayı idi. Heydər Əliyev məni qəbul etdi. Vəzifəyə təsdiq etdi.

Həmin görüşümüzdən təxminən dörd il sonra Nəriman Ağaxan oğlu İsayevi Azərbaycan SSR tikinti materialları sənayesi naziri vəzifəsinə təyin edəndə, ondan öz yerinə baş idarəyə rəis vəzifəsinə kimin namizədliyini məsləhət görməsini xəbər almışdılar. Nəriman İsayev Mərkəzi Komitənin birinci katibinə mənim namizədliyimi deyir və Heydər Əliyev də bununla razılaşır. Halbuki, onda baş idarə rəisi vəzifəsinə üç-dörd nəfərin namizədliyi vardı.

Mən Nəriman İsayevlə əlaqədar belə ürəkaçan faktlardan çox danışa bilərəm. Axı Nəriman İsayev sözün əsl mənasında müəllim, ustad, xeyirxah insan idi. Mən həyatda, istehsalatda Nəriman müəllimdən dərs almışam. Məhz ondan çox şeylər öyrənmişəm. Rəhmətlik Nəriman müəllim sadəliyi, zəhmətsevərliliyi ilə hamımıza örnək idi. O, yaşamaq və yaratmaq üçün işıqlı dünyaya gəlmişdir. Öz vətəninə ləyaqətlə xidmət etdi. O, çox cəsarətli adam idi. Türk atalar sözündə deyilir: "Cəsarət – qəhrəmanlığın anasıdır".

Nəriman müəllim axirət dünyasında rahat yata bilər: onun yetirmələri, həmkarları qurub-yaratmaq yolunda böyük insan, böyük şəxsiyyət kimi yaddaşımıza yazılmış Nəriman İsayevin yolunu inamla davam etdirirlər”.