Təmənnasızlıq, alnıaçıqlıq simvolu
Cahangir Qocayev
Azərbaycan Respublikası Dövlət Tikinti və Şəhərsalma Komitəsinin idarə rəisi
Cahangir Dövlət oğlu Qocayev 1948-ci il iyun ayının 1-də Saatlı rayonundakı Molla Vaizli kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Ölkə tikinti kompleksində adi iqtisadçıdan çox məsul və rəhbər vəzifələrdə, o cümlədən komitə sədrinin birinci müavini, Nazirlər Kabinetində şöbə rəisi və digər vəzifələrdə işləmişdir. Hazırda Dövlət Tikinti və Şəhərsalma Komitəsində idarə rəisi vəzifəsində çalışır.
“Bəzən həmkarlarım və həmyaşıdlarım arasında xoşbəxt şəxslərdən söz düşəndə, fikrimi konkret olaraq belə ifadə edirəm: mən o şəxsləri xoşbəxt sayıram ki, onlar öz ağıllarını elmi biliklərdən ibarət fikir inciləri ilə nurlandırmaqla yanaşı, həm də fəzilətlərlə, ülvi insani hisslərlə qəlbini zənginləşdirməyi bacararaq, elmi dünyagörüşünə yiyələnə bilsin, kamilləşsin, müdrikliyə doğru addımlasın. Bax, belə şəxslər bir də ona görə xoşbəxtdirlər ki, özlərinin insanpərvərliyi, xeyirxahlığı, təmənnasızlığı, alnıaçıqlığı ilə hamının gözünün içinə fəxarətlə dik baxa bilirlər. Heç zaman kiminsə yanında, necə deyərlər, gözükölgəli olmurlar. Belə insanlar öz ömür paylarını şərəflə, ləyaqətlə yaşayır, özlərinin müdrikliyi ilə, ağsaqqallığı və insanlığı ilə uzun illər yadda qalır, unudulmurlar. Hesab edirəm ki, Nəriman İsayev bax belə xoşbəxt insanlardan, böyük şəxsiyyətlərdəndir. O, heç zaman heç kəsə təmənna ilə iş görməz, kimdən nə isə ummazdı. Sanki Nəriman İsayev təmənnasızlıq, alnıaçıqlıq simvolu idi. Bütün Nərimansevərlər buna şübhə etmir və hamının yanında başını uca tuturdu.
Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "İnsanların ən yaxşısı – insanlar üçün daha çox xeyirli olanlarıdır". Mənə elə gəlir ki, çox yaxından tanıdığım, tikinti kompleksinin ən dəyərli işçiləri arasında məhz insanlara faydalı olan, insanlara xoşməramlı işləri ilə xidmət edənlərdən biri də Nəriman İsayev olmuşdur. Mən Kür-Araz su qurğuları tikintisi, meliorasiya və su qurğuları tikintisi sistemində işləyəndə də, Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinшт birinci müavini olanda da,
Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində işləyəndə də Nəriman İsayevlə tez-tez görüşmüş, istehsalatla əlaqədar tikinti və tikinti-quraşdırma işləri ilə bağlı saysız-hesabsız məsələləri müzakirə etmiş, fikir mübadiləsi aparmışam. Bax, həmin vaxtlarda Nəriman müəllimi savadlı mühəndis, təcrübəli rəhbər işçi, əsl azərbaycanlı kişisi və elə, vətənə bağlı bir mütəxəssis kimi görüb-tanımışam. Sadəliyi, səmimiliyi və bir də diqqətçiliyi ilə həmyaşıdları və həmkarları arasında seçilirdi rəhmətlik. Danışanda faktlara, dəlillərə, sübutlara üstünlük verərdi, yeri behişt olmuş”.