• slide1
     
  • slide1
     


  •  






Nəriman İsayev tikintinin quraşdırma sahəsində uzun müddət işləmiş şəxslərdən biridir. Məhz onun səyi, qayğısı, səriştəsi və təcrübəsi sayəsində, metaldan, dəmirdən tələb olunan hər bir şeyi düzəltmək qabiliyyətinə malik olan quraşdırıcılar yetişdirildi.

Ardını oxu...
013.jpg

Nəriman İsayev milli adət və ənənələrimizin də, ana dilimizin də, azərbaycanşünaslığın təəssübkeşi, hamisi kimi də onu tanıyanlar arasında hörmət və ehtiram qazanmışdır.

Yusif Nağıyev

Həmişə quran, abadlaşdıran olmuşdu...

 

Əlipaşa Axundov

"İnşaatçı" - "Stroitel" qəzetlərinin redaktoru, əməkdar jurnalist

 

“Nəriman İsayevlə ötən əsrin 40-cı illərinin ortasından tanışam. Onda mən Böyük Vətən müharibəsindən təzəcə gəlmişdim, Caparidze rayon komsomol komitəsində katib işləyirdim. Bakı məktəbliləri üzrə keçirilən tədbirlərin birində onunla tanış olmuşdum. Sonralar "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri işlədiyim illərdə artıq Nəriman İsayev ali məktəb tələbəsi idi və mən şəhərdə keçirilən iməcilikdə yenidən onunla görüşdüm.

Əllinci illərin əvvəllərində "Stalin tikintisi" qəzeti çap olunurdu. Mən bu qəzetin redaktoru kimi 1952-ci ilin aprel ayında Mingəçevir şəhərinə ezamiyyəyə getdim. Artıq Mingəçevir, gənclik şəhəri kimi tikilirdi. Tikintini aparan sahə rəisi İsfəndiyar Paşayev adlı ucaboylu, enlikürək, gülər üzlü, bamazə danışıqları ilə diqqətimi cəlb edən bir mühəndislə müsahibə keçirdiyim vaxt həmin adam dedi ki, bir ilə yaxındır ki, Bakıdan bizim tikintiyə gənc bir iş icraçısı gəlmişdir, çox savadlı, mədəni gəncdir. Bacarığını nəzərə alıb onu böyük iş icraçısı vəzifəsinə keçirmişəm. İndi burada yoxdur, sübh tezdən Yevlax stansiyasına gedib inşaat materialı dalısınca...

O, bu söhbəti qurtarar-qurtarmaz yük maşını yanımızda dayandı. Maşının kabinəsində neçə vaxtdan bəri tanıdığım Nəriman İsayev düşəndə, müsahibim İsfəndiyar müəllim dedi:

- Bax, sizə dediyim gənc mütəxəssis budur.

Mən onunla köhnə dost kimi çox səmimi görüşdüm. Artıq biz ikimiz də tikinti kompleksində işləyirdik. Nəriman müəllim tez-tez redaksiyamıza gəlib-gedər, işlədiyi yerlərdə bizim sahə qəzetinə abunə yazdırardı.

Nəriman müəllim harada və nə vəzifədə işləyibsə, həmişə tikmək, qurmaq və abadlaşdırmağa ciddi fikir vermişdir.

Yadımdadır, 1953-1954-cü illərdə "Qipromorneft" institutunda işlədiyi vaxtda tikinti təşkilatları ilə sıx əlaqə saxlayardı və bizim sahə qəzetimizə tez-tez baş çəkərdi. Elə bu səbəbə görə biz Nəriman İsayevi uzun illər redaksiya heyətinin üzvü seçmişdik. O, dəmir-beton məmulatı istehsal edən zavodun direktoru işlədiyi dövrdən, daha dəqiq desəm, 1960-cı ildən 1986-cı ilə qədər "İnşaatçı" - "Stroitel" qəzetlərinin redaksiya heyətinin üzvü olmuş, Azərbaycan tikinti kompleksinin ustadları sırasında dayanmışdır”.