• slide1
     
  • slide1
     


  •  






Bir anlığa tarixə nəzər salsaq, dəyərli arxiv materiallarından bəhrələnsək, son nəticə belə olacaqdır: yerüstü sivilizasiyanın ilk nümayəndələrinin fitrətən malik olduqları peşə - tikmək, qurmaq, quraşdırmaq, abadlaşdırmaqla məşğul olan bugünkü inşaatçı peşəsidir.

Ardını oxu...
027.jpg

Mən hələ orta məktəbdə oxuyandan Nəriman İsayevlə tanış idim. Ali təhsili birgə başa vurduq. Harada və nə vəzifədə işlədimsə, həmişə Nəriman müəllimlə əlaqə saxlardım.

Sabir Ağayev

Mənəvi varlığı, paklığı ilə tanınan insan

 

Telman Orucov

Azərbaycan KP MK-nın sabiq katibi, dövlət təqaüdçüsü

 

Haqqında söhbət açacağım şəxslə mən 1975-ci ildə tanış olmuşdum. Bu tanışlıq əvvəlcə qiyabi xarakter daşısa da, qısa müddətdən sonra yaxın ünsiyyətə və qarşılıqlı hörmətə çevrildi. Müəyyən narazılıq əsasında yaranmış ilk söhbət, sonralar öz məzmununu, formasını və rəngini dəyişərək, ru-hən bir-birinə yaxın adamların xoş münasibəti ilə öz arzu olunan davamını tapdı. İlk anda yalnız işin mənafeyi üzərindən qalxan mübahisə dumanı dağıldıqdan sonra, belə bir təəccüblü yəqinlik tapdım ki, şirin zarafata, səmimi xüsusiyyətlərə malik olan və hərtərəfli şəxsiyyət kimi özünü təsdiq etmiş bir adamı mən kəşf etmişəm. Bu Nəriman Ağaxan oğlu İsayev idi. Həmin vaxt o, Respublika Quraşdırma və Xüsusi Tikinti İşləri Baş İdarəsinin rəisi işləyirdi. Bir neçə il sonra o, hökumətin tərkibinə daxil olaraq, tikinti materialları sənayesi naziri təyin edildi.

Mən ilk tanışlıq ili Ağdamda işləməyə başlamışdım. Bu vaxt rayonda böyük emal zavodu tikilirdi. Zavodda avadanlıqların quraşdırılması, texniki infrastrukturanın sınaqdan keçirilməsi gedirdi. Lakin işlər ləng gedirdi və zavodların vaxtında işə salınmasını şübhə altına qoyurdu. Və mən narazılığımı respublika rəhbərliyinə çatdırdım. Reaksiya gözlənildiyindən də sürətli və ciddi oldu, iki nazir müavini (o vaxtlar Quraşdırma və Xüsusi Tikinti İşləri Baş İdarəsi də nazirlik kimi qəbul edilirdi) rayona ezam edildi. Onlar tikintinin final fazasına bilavasitə nəzarət və əslində başçılıq edirdilər.

Elə həmin vaxt Nəriman İsayev mənə zəng edib, həyəcan təbili qaldırmağım düzgün olsa da, bu məsələnin öz dairəsindən çıxması səbəbinə görə gileyini də gizlətmədi. Mən onu başa düşürdüm, axı respublikanın hər yerində çox sayda zavodlar tikilirdi və mövsüm yaxınlaşdıqca, tikintinin vaxtın-da başa çatdırılması və obyektlərin istifadəyə verilməsi istəkləri artıb, həddən aşırdı. Respublikada isə professional montajçılar, quraşdırıcılar çatışmırdı, avadanlıqları quraşdıranların çoxu qonşu Gürcüstandan pul qazanmağa gələn sənətkarlar idi. Onların da sayı o qədər çox deyildi. Ağdamdakı zavodların inşasında da gürcü mütəxəssisləri işləyirdi və onlara yüksək məbləğdə maaş verilirdi.

Nəriman müəllim işin bu cəhətini təhlil etdikdə məlum oldu ki, biz heç də dərin səbəbləri nəzərə almırıq, nəyin bahasına olursa-olsun öz istəyimizin reallaşmasına can atırıq. Gerçəklik isə öz dalğalarının sərtliyi ilə çox vaxt arzular, niyyətlər gəmisini parçalayıb dağıdır, insanların istəklərinə müəyyən hədlər çəkir. Adicə eyhamları ilə o, həqiqəti bütünlüklə açıb göstərdi.

Azərbaycanda genişmiqyaslı tikinti-quraşdırma proqramı həyata keçirilməsi Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə əlaqədar idi. Bu sahədə mütəxəssislər çatışmaması da mövcud idi və bunu artıq ört-basdır etmək də mümkün deyildi. Əgər ixtisaslı montajçı yoxdursa, bu, istehsalatda qəzaların baş alıb getməsinə səbəb olacaqdır. Zavodlarda belə qüsurlar üzündən baş verən qəzaların sayı-hesabı yox idi. Digər tərəfdən, zavodu təhvil götürənlərin də texniki səviyyəsi yüksək deyildi, onlar çox vaxt texnoloji proseslərdən baş çıxarmırdı və qüsurlar bir-birinə qarışdığından, onların zərəri daha da böyüyürdü, artırdı.

Sonrakı görüşlərimizdə Nəriman müəllim bu məsələləri daha səriştəli izah etməyə başladıqda, problemlər barədə olduqca aydın təsəvvür, naməlumluğun yerini tutdu. O, bir dəfə daha açıq danışıb bildirdi ki, onların əhəmiyyətini ört-basdır etmək də mümkün deyildir, axı həyat bütün örtülü saxlananları aşkara çıxarır, onları daha acınacaqlı şəkildə nümayiş etdirir. O, Stalinlə əlaqədar misal çəkməyi də unutmadı. 1943-cü ildə müharibənin döyüş anında hərbi təyyarələrə ehtiyac daha da artmışdı. Lakin aviasiya alaylarına nəzərdə tutulduğundan az sayda təyyarə təhvil verilirdi. Bu Stalini möhkəm hirsləndirmişdi. Bu barədə aviasiya sənayesi rəhbərlərinə ciddi iradını bildirdikdə, onlar istehsal planını artıqlaması ilə ödədikləri barədə məlumat verdilər. Qəribə mənzərə yaranmışdı, bəs həmin təyyarələr niyə cəbhəyə təhvil verilmir? Nazir Stalinə məlum olmayan həqiqəti ona açıb dedi:

- Təyyarəçilər çatışmır, ona görə də hərbi maşınlar zavodların həyətlərində yığılıb qalır.

Bu acı həqiqət ona məlum olduqda, Stalin təyyarəçi kadrlar hazırlığını xüsusi nəzarətə götürdü.

Nəriman müəllim bildirdi ki, Heydər Əliyevin göstərişi əsasında texniki peşə təhsili komitəsi ilə xüsusi proqram işləyib hazırlamışıq və onlarla texniki peşə məktəblərinin profili dəyişdirilərək, ixtisaslı inşaatçılar və montajçılar yetişdirməyə istiqamətlənmişlər.

Nəriman İsayevin məsələnin mahiyyətinə belə nüfuz etməsi əslində uzaqgörənlik xarakteri daşıyırdı. Onun o vaxtlar gördüyü işlər sonralar bol bəhrələr verməyə başladı. Sonrakı onilliklərdə artıq bu sahədə ixtisaslı işçi qüvvəsi barədə heç bir çatışmamazlıq hiss edilmirdi. Doğrudan da Nəri-man müəllimin fəaliyyəti, işə yanaşmaq xüsusiyyəti belə bir mühüm əhəmiyyət kəsb edən sahədə mühüm dəyişikliklərə səbəb olmuşdu.

Nəriman İsayev prinsipial adam idi, öz mövqeyini müdafiə etməyi bacarırdı. Opponentinin vəzifəsinin böyüklüyünə də məhəl qoymurdu. Bir dəfə hökumətin iclasında Nazirlər Sovetinin sədri ona yersiz irad tutduqda, İsayev etirazını bildirdi və sərt qaydada dedi ki, məni siyasətə, avantüraya çəkməyin, mən tapşırılmış sahədə yalnız texniki siyasəti həyata keçirirəm. Heç siz özünüz də siyasətlə məşğul deyilsiniz. Çünki iqtisadi siyasəti də SSRİ Dövlət Plan Komitəsi və respublikanın partiya rəhbərliyi müəyyən edir, biz hamımız isə həmin siyasətin icraçılarıyıq. Məşhur Prussiya kralı böyük Fridrix demişkən, biz xalqın xidmətində olan nökərlərik. Ona görə də özümüz barədə böyüklük xülyasına düşmək bizə yaraşmaz, yaxşı olar ki, öz yerimizi bilək.

Hökumətin sədri belə sərt və qətiyyətli danışığını görüb, söhbəti davam etdirmək lüzumunun əbəs olduğu gümanına gələrək, mübahisəni kəsməyə məcbur oldu.

Yeni iş yerində, Tikinti Materialları Nazirliyində də o, özünü təşəbbüskar bir adam, yeniliyin, novatorluluğun generatoru kimi göstərdi. Naxçıvanda şüşə zavodunun istehsal gücünə çıxması üçün o, çox əziyyətlər çəkdi, böyük enerji sərf etdi və hökumət qarşısında şüşə qablar istehsalını xeyli artırmaqla, bu çox tələb olunan əmtəələrinin idxalına son qoymaq təşəbbüsü ilə çıxış edəndə, çoxları buna şübhə ilə yanaşdı. Lakin onun bu düşüncəsini həyata keçirməsi, müəyyən bir sahədə iqtisadi suverenliyinin möhkəmlənməsinə geniş yön açdı.

O, şən, açıqürəkli bir insan idi. Olduqca sadə idi, vəzifəli adamların qürurunu bəyənmirdi, öz nümunəsi ilə belə həyat tərzinin puç olduğuna əlavə qüvvə vermiş olurdu.

Nəriman müəllim aramızda olmasa da, daim onun yeri görünür. Axı yaxşı olanlar heç vaxt unudulmur, sonrakı həyat cığırlarında qarşımıza çıxanların hamısını biz onlarla müqayisə edir, yaxşıları ehtiramla yad edirik. Onsuz da mərhum insanlar haqqında hamı xoş söz deməyə çalışır və bu bəzən gəlişi gözəl olan ibarələrdən o tərəfə keçmir. Bəlkə də belə münasibət düzgündür. Axı qədim romalılar deyirdi ki, "De Mortuis aut bene, aut nihil" - "Ölülər barədə ya yaxşı (demək), ya da heç nə (deməmək lazımdır)". Lakin mən Nəriman müəllim barədə danışarkən heç də bu qaydaya riayət etmək mövqeyindən çıxış etmirəm və onun barəsində yazılan xoş sözlərdə nə bir qeyri-səmimiyyət, nə də hansısa hiperbola etmək əlaməti yoxdur. Onun həyatı, fəaliyyəti həqiqətən də yüksək qiymətə, xoş ifadələrə layiq idi. Xatirəsi də onlara müvafiq olaraq əziz tutulmalıdır.

Hər kəs yaşadığı dövrdəki yaxşı insanları heç vaxt unutmur, onları xoş xatirələrdə yaşadır. Onlar haqqında ən gözəl kitabı Yaradanın özü yazmışdır. Belə adamların qəlbinə, könlünə İlahinin qüdrəti ilə elə qiymətli sözlər nəqş olunmuşdur ki, onları pozmaq mümkün deyildir. Zamanın özü də onları silib yox etmək iqtidarında deyildir. Ölüm ən böyük həqiqət olsa da, İlahidən gələn həqiqət qarşısın-da gücsüzlüyünü göstərmiş olur. Yaxşı insanlar bəşəriyyətin inciləridir, onlara hamımızın ehtiram xidməti borcumuz vardır.

Belələr barədə himn oxumağa belə hazır olduğumuz halda, mən onlardan biri haqqında öz münasibətimi ifadə etmək istədim. Onların xatirə abidəsi isə o qədər böyükdür ki, istənilən söz pyedestalı da müvafiq müqayisədə olduqca kiçik görünür. Onlar heç vaxt yaddaşları bütünlüklə tərk etmirlər, ehtiram anı gələndə yaddaş cədvəlindəki yerlərini göz önünə gətirdirlər. Nəriman müəllim də məhz bu qaydada gözlərim önündə canlandı və onu heç də həyatı tərk etmiş kimi hesab etmədim. Axı insan öz ruhu, mənəvi varlığı ilə böyükdür...”.