İtməyən izlər...
Bəhram Məhəmməd oğlu İbrahimov,
qocaman jurnalist
Nəriman İsayev barədə toplanan materialların müəllifi
İnsan ömrünü axar çaya bənzədənlər haqlıdırlar. Axı, insan ömrü də xırda irmaqlardan, çeşmələrdən boylanır, ümmana qoşulan çay kimi inkişaf edir, yalnız və yalnız irəli gedir. Dünya xəritəsinə düşən çaylar kimi yaddaşlarda əbədi qalan, yaşayan insanlar az-az olur. Nəhayət, insan ömrünü çaya bənzədənləri haqlı sayırıq ona görə ki, çay axdıqca hər iki sahilində saysız-hesabsız yaşıllıqlar, vahələr yaranır. İnsandan isə həyatda yadigar olaraq xoş xatirələr, xeyirxah əməllər və bir də əl izləri qalır. Belə insanlardan biri də Nəriman Ağaxan oğlu İsayevdir...
Nəriman Ağaxan oğlu İsayev tikinti kompleksində işlədiyi müddət ərzində, xalq təsərrüfatının digər mühüm, vacib sahələrində məsul və rəhbər vəzifələrdə işləyəndə respublikanın tikinti-quruculuq işlərinə, məftunu olduğu peşəsinə ürəkdən bağlanmış və çox böyük işlər görmüşdür. Həyatının mənasını öz xalqına və vətəninə təmənnasız xidmətdə görən Nəriman İsayevin həyat yolunu izləmək - çox dəyərli bir məşğuliyyətdir. Nəriman müəllimlə ünsiyyətdə olmuş peşə, əqidə dostlarının, daha sonra tələbələrinin - yetirmələrinin, onu yaxından tanıyanların bu sadə, səmimi, xeyirxah, zəhmətsevər insan haqqında xatirələri böyük önəm daşıyır.
Nəriman İsayevin şəxsiyyətini təhlil etməkdən öncə, bir neçə suala cavab verməyə çalışaq: dünyada nə qədər peşə var? Mövcud peşələrin hansıları insan və cəmiyyət üçün daha faydalıdır, səmərəlidir? Müasir həyatda hansı peşəni öyrənmək və ya hansı peşələri daha vacib saymaq olar? Bu və buna bənzər suallar çoxdur. Belə sualları cavablandırmaqdan ötrü ağsaqqallardan, ağbirçəklərdən, ziyalılardan, təsərrüfat başçılarından, ictimai təşkilatların rəhbərlərindən, təcrübəli pedaqoqlardan, səriştəli alimlərdən və rəhbər işçilərindən eşitdiklərimizi, görüb-bildiklərimizi və bədii-texniki kitablarda oxuduqlarımızı götür-qoy edib, birmənalı olaraq qərara gəlməyə çalışdıq. Fikirlərimiz haçalansa da, gümanlarımız min yerə getsə də, yekdil rəyə gəldik: işıqlı dünyamızda mövcud olan peşələrin sayı hədsizdir, onları sayla ölçmək, konkret rəqəm göstərmək qeyri-mümkündür, peşənin kiçiyi-böyüyü yoxdur və hər bir peşə şərəflidir, vacibdir. Ələlxüsus da inşaatçı peşəsi...
Bir anlığa tarixə nəzər salsaq, sanballı kitablarda yazılanları saf-çürük etsək, dəyərli arxiv materiallarından bəhrələnsək və yenidən fikirləşib qərar qəbul etsək, sözsüz ki, əldə etdiyimiz son nəticənin qərarı da belə olacaqdır: yerüstü sivilizasiyanın ilk nümayəndələrinin fitrətən malik olduqları peşə - tikmək, qurmaq, quraşdırmaq, abadlaşdırmaqla məşğul olan bugünkü inşaatçı peşəsidir. Aydın məsələdir ki, insan övladı dünyaya gələn vaxtdan yaşamaq uğrunda mübarizə aparmaq üçün yollar tapmağa, yaşamaq istedadını göstərməyə can atmışdır. O, əvvəlcə özünə ocaq qalamış, ardınca qaladığı ocağın ətrafını qorumağa, orada səliqə-səhman yaratmağa başlamışdır... Son nəticədə (əlbəttə, illər ötdükcə) ehtiyac, tələbat və zərurət sayəsində hörmək, tikmək, qazmaq, qurmaq ideyası ortaya çıxmışdır. Beləliklə, komalar, kahalar, mərəklər və s. tikilməsi meydana çıxmışdır.
Elə buradaca deyək ki, hər bir xalqın, hər bir millətin tarixi iki yolla nəsildən-nəslə çatdırılır. Birincisi, kağız üzərində yazılan mənbələrdir. Bu yolun mənzərəsi tarixi ədəbiyyatda, incəsənət və mədəniyyət əsərlərində həkk olunur. İkincisi isə, gözlə görünür və əyani olaraq nəsildən-nəslə keçir, yaddaşlarda iz buraxır. Əzəmətli saraylar, göz oxşayan imarətlər, nəhəng körpülər, abad və yaraşıqlı yollar, tarixi abidələr, dəryaçalar və s. və ilaxır. İndiki dövrdə bu cür tikililər daşınmaz əmlak kimi sayılır. Bu saydıqlarımız və saymadıqlarımız neçə-neçə belə gözəl memarlıq nümunələrinin hamısı insan əməyinin məhsuludur.
El arasında çox işlənən və sevilən bayatılarımızın birində deyilir:
Bu qala - bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qala,
Tikdim ki, izim qala.
Məşhur bayatımızda - xalq yaradıcılığının məhsulu olan folklorumuzda deyilən izlər tarixləşir, gələcək nəslə yadigar qalır. Bu izlər xalqın, millətin, dövlətin və ölkələrin tarixini əyani olaraq gələcək nəslə çatdırır. Onların hamısı yaddaşlarda qalır, keçmişin salnaməsi kimi qorunur, sevilir. Ən əsası budur ki, işıqlı dünyada nə qədər canlı və cansız varsa, hamısı əsrlər boyu yaşaya bilmir. Amma insan əməyinin məhsulu olan, insan əli ilə tikilən yaraşıqlı imarətlər, qalalar, saraylar, körpülər, abad yollar əsrlər boyu qalır, yaşadır, insanlara xidmət edir. Aylar illərə, illər qərinələrə, qərinələr əsrlərə, əsrlər eralara çevrilir, bir-biri əvəzləyən yeni-yeni cəmiyyətlər yaranır, nəsillər dəyişir, lakin inşa olunan keyfiyyətli obyektlərin hamısı yaşayır, əbədiləşir və həm də heç zaman öz görkəmini itirmir. Çünki o, insan əməyinin məhsuludur.
Fikrimizi aydınlaşdırmaq üçün bir anlığa ölkəmizi qiyabi olaraq səyahət edək. Bakıdakı “Qız qalası”, Şirvanşahlar sarayı, Naxçıvandakı “Möminə Xatun” məqbərəsi, Şəkidəki Xan sarayı, Xudafərin, Tovuzçay, Mollakənd körpüləri, Mil-Muğan, Beyləqan, Lənkəran, Füzuli, Bərdə, Ağdam, Gəncə, Xaçmaz, Quba, Tərtər, Zaqatala, Qəbələ, Göyçay və digər bölgələrimizdəki tarixi abidələr çox şeydən xəbər verir. Son 50-60 ildə ölkəmizdə Azərbaycan inşaatçı və quraşdırıcılarının, bütövlükdə ölkə tikinti kompleksi işçilərinin alın təri, səmərəli əməyi ilə tikilib istifadəyə verilmiş obyektlər var ki, onlar milli memarlığımızın nəyə qadir olduğunu bir daha təsdiq edir.
Ulularımız və ata-babalarımız belə buyurmuşlar: yol salmaq, körpü tikmək, su çəkmək, ev qurmaq - savab işdir. Ulu peyğəmbərimiz Muhəmməd əleyhissəlam buyurmuşdur ki, Allah Təala imanlı, öz peşəsinin ustası olan və işləyən bəndəni sevir.
Digər yerdə Peyğəmbərimiz (s) buyurur: “Allahın ən sevimli bəndələri - insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir”.
İnsan olan kəs mütləq xeyriyyəçiliyə fikir verməli, özü xeyriyyəçi olmalı, xeyirxah əmələ qulluq etməlidir. Elə bu baxımdan da məsələyə yanaşdıqda inşaatçı peşəsinin dəyərli, sanballı və faydalı olmasını görürük. Bəli, biz də hesab edirik ki, bu peşə - yəni inşaatçı peşəsi çox vacib və şərəfli bir peşədir! Bu peşənin sahibləri tikmək, qurmaq, yaratmaq, abadlaşdırmaqla məşğul olurlar. Bu insanlara ümumilikdə inşaatçılar deyirlər. Lakin unutmayaq ki, bu peşənin özü bir neçə peşələrə bölünür. Məsələn, ixtisaslı fəhlə, betonçu, xarrat, dülgər, quraşdırıcı, rəngsaz, suvaqçı, santexnik, malakeş, bənna və sair və ilaxır. Saydıqlarımızın hər biri ayrı-ayrılıqda bir peşədir. Lakin hamısına bir yerdə deyirlər: inşaatçılar! Başqa sənətlərdə də, peşələrdə də belədir. Məsələn, götürək müəllimlik peşəsi: tarix, ədəbiyyat, fizika, bədən tərbiyəsi, coğrafiya, kimya və s. üzrə hər bir fənnin sahibi olan müəllimlərin də ümumi bir adı var: müəllim.
Elə buradaca qeyd etmək istəyirik ki, tikinti və tikinti-quraşdırma, abadlaşdırma, səliqə-səhman işləri bəşər övladı üçün vacib olan bir sahədir qərarına gəlsək, heç də səhv etmərik. Axı, insan işıqlı
dünyaya göz açan gündən ilk növbədə daldalanmaq, dincəlmək, istirahət etmək, yatmaq, oturmaq, ailə həyatı yaşamaq naminə nəsə tikmək, qurmaq, yaratmaq barədə düşünüb, yollar axtarmağa başlayıb. Onun ilk qənaəti isə belə olmuşdur ki, yaşamaq üçün ən zəruri və vacib sahə tikmək-qurmaqdır.
İlk əvvəllər daxmalar, kahalar, daha sonralar mərəklər və s. tikməyə meyllənmişlər. Zaman keçdikcə, tikinti maddi bir istehsal kimi zərurətə çevrilir və bir çox sahələri əhatə etməyə başlayır. Bu baxımdan da məsələyə yanaşıb birmənalı olaraq deyə bilərik ki, ta qədimdən insanlar tikmək və qurmaqla məşğul olmuşlar. Elə buna görədir ki, bu işlə məşğul olanlara tikib-quran insanlara inşaatçılar adı vermişlər. Çünki onlar, bir sözlə inşa edirlər, tikirlər, yaradırlar. Hər bir şeyin bünövrəsini məhz onlar qoyurlar.
Bu da bir həqiqətdir ki, həyatda olan saysız-hesabsız peşələr içində inşaatçı peşəsinin sahiblərinin böyük hörməti olmuş və bu gün də bu peşənin sahiblərinin hörməti hər yerdə mövcuddur. Bu hörmət sahibləri haqqında kütləvi informasiya vasitələrində çox yazılıb və danışılıbdır. Lakin onu da demək lazımdır ki, sənətşünaslar, qələm sahibləri, memarlıq abidələrindən söhbət açanda, kitablar yazanda bu tikililərin memarları barədə daha çox və ətraflı yazmışlar və yenə yazırlar. Nədənsə daş üstə naxışlar saçan, 25-30 kiloluq mişar daşlarını, beton məmulatlarını qarnı üstə alıb, çiyni üstə qaldırıb hörgülərə düzən, gözəl binalar tikən, binaların daxilində sanitariya texnikasından tutmuş bütün quraşdırma işlərini zərgər dəqiqliyi ilə həyata keçirən insanlar - fəhlələr, bənnalar, betonçular, dülgərlər, santexniklər, quraşdırıcılar, elektriklər, ustalar, iş icraçıları, mühəndislər, idarə rəisləri, trest müdirləri, nazirlər yada salınmır, unudulur. Biz hesab edirik ki, bu, doğru deyildir. Çünki hər hansı bir obyektin tikintisində təkcə memarın əməyi yoxdur. Hər hansı bir obyektin başa gəlməsində çoxlarının zəhməti, payı vardır. Qoy hər bir oxucu və ya gələcək nəsil bir daha bilsin ki, bu yaxşı imarətin tikilib başa çatmasında kimlərin zəhmət payı vardır. Söhbət tikmək, qurmaq, abadlaşdırmadan getdiyi bir vaxtda hər şey dəqiqliyinə qədər ortaya qoyulmalıdır.
Mən yarım əsrdən çox müddətdə ölkə tikinti kompleksinə bağlı insan olmuş, uzun illər "İnşaatçı" - Stroitel" qəzetlərində jurnalistlik fəaliyyəti ilə bağlı olmuş, ölkə tikinti komplekslərinin us-tadları və ensiklopediyasından bəhs edən 50-dək kitabın müəllifiyəm.
Çox istəyirdim ki, Nəriman İsayev kimi namuslu, sözübütöv kişi haqqında dəyərli oxucunun məlumatı olsun. Çox istərdim ki, tərəfimizdən toplanmış və yerləşdirilmiş məlumatlar, Nəriman İsayevin şəxsiyyəti barədə azacıq da olsa, tanışlıq versin.