• slide1
     
  • slide1
     


  •  






Düşünürəm ki, Nəriman müəllim işıqlı dünyaya qədəm basandan etibarən düşünən, öz-özünü qiymətləndirməyi bacaran insan olmuş və heç zaman özünü digərlərindən yüksəkdə saxlamamışdır. Bunun bir səbəbi də odur ki, o, hələ uşaqlıq vaxtından sadə olmuş, sadə böyümüşdü.

Ardını oxu...
026.jpg

Mən hələ orta məktəbdə oxuyandan Nəriman İsayevlə tanış idim. Ali təhsili birgə başa vurduq. Harada və nə vəzifədə işlədimsə, həmişə Nəriman müəllimlə əlaqə saxlardım.

Sabir Ağayev

Vətən oğlu

 

Bəhram Məhəmməd oğlu İbrahimov

qocaman journalist, Nəriman İsayev barədə toplanan materialların müəllifi

 

Bəşər övladının qazandığı uğurlardan danışmaq istəyəndə öncə bu uğurların qazanılma yolları, səbəbləri barədə düşünməyə dəyər. Şübhəsiz ki, hər bir insanın istənildiyi vaxtda uğuru ola bilər. Bu uğurların qədir-qiyməti necə ölçülür, necə dəyərləndirilir? Bu suallara hər bir kəs özü cavab verə bilərmi? Axı, bu bir həqiqətdir ki, hər kəsin uğurları qədir-qiymətlə bağlı olmaqla yanaşı, həm də əsasən özündən asılıdır. Hər bir insanın uğur qazanması üçün onun çoxsaylı qaynaqları vardır. Xüsusilə, onun davranış və qabiliyyəti, bacarıq və fərasəti, üstəlik düşüncələri, inancları, adət və ənənələrə sadiqliyi çox şeydən xəbər verir. Bizim xatirələrimizin baş qəhrəmanı Nəriman İsayev bax belə insanlardan biri olduğu üçün, ömür boyu uğur onunla birlikdə olub. Adi mühəndis kimi işləyəndə də, çox mötəbər və yüksək vəzifə sahibi olanda da özünü sağlam düşüncələri, fitri istedadı, adət və ənənələrimizə bağlılığı, seçilən sağlam inancları və dəqiq, düzgün davranışları ilə həmişə qaliblər sırasında dayanmışdır.

Mənim onunla bu mövzuya aid çoxsaylı söhbətlərim olmuşdur. Uğurlardan danışanda, bu uğurları qəzet səhifəsinə çıxarıb açıqlamaq istəyəndə hər dəfə Nəriman İsayev deyərdi: "Xahiş edirəm, bizim barəmizdə qəzetdə çox yazmayın. Mən təriflənməyin tərəfdarı deyiləm". Halbuki, Nəriman İsayevin işi, ortada olan göstəriciləri, uğurları tərifəlayiq idi.

Bir dəfə isə dedi: "Günəş haqqında yəqin ki, ətraflı məlumatın var. Dağın arxasındakı Günəş görünmürsə, bu o demək deyildir ki, Günəş yoxdur. Günəş varsa, ulduzlar görünməz. Uğurlarla da belədir. Bax, bunu nəzərə al, bizim uğurumuz varsa da, bunu car çəkib hər tərəfə demək, yaymaq nəyə lazımdır? Təriflənməyi sevmirəm". Sözün əsl mənasında Nəriman İsayev tərifi sevməzdi.

Yadımdadır, Azərbaycanın görkəmli ədibi Abbas Səhhətdən belə bir misal çəkib dedi ki, Abbas Səhhət vaxtilə yazıb:

 

Sən mükafatını xalqına xidmətdə aça,

Əbədi zövqü, təsəllini həqiqətdə aça!

 

Sonra əlavə edib deyərdi: keyfiyyətli iş görüb, nəyi və nələri isə ucuz olaraq tikib, xalqın istifadəsinə verə biliriksə, bu, bizim ən böyük mükafatımızdır.

Nəriman İsayev elin, obanın, bütövlükdə Azərbaycanın böyük oğlu idi. O, mənalı keçirdiyi ömür yolunda yorulmazlığı, məhsuldar fəaliyyəti, nəfsini cilovlamaq bacarığı, sözübütövlüyü ilə özünü tanıtmış və sevdirmişdir. Məhz elə buna görə də təkcə tikinti kompleksində deyil, ölkəmizin hər yerində, xalq təsərrüfatımızın bütün sahələrində geniş xalq kütləsinin məhəbbət və ehtiramını qazana bilmişdir. Geniş kompleks biliyə malik olan Nəriman müəllim ziyalılarımız arasında da böyük hörmət sahibi olmuş, mədəniyyət və incəsənət sahibləri, səhiyyə işçiləri arasında hüsn-rəğbət qazanmışdır. Tibb elmləri namizədi, ölkəmizdə geniş tanınan cərrah Əyyub Məmmədov ondan söz düşəndə dedi:

- Mən Beyləqan rayonunda Birləşmiş Xəstəxananın baş həkimi işləyəndə rayon mərkəzində 250 çarpayılıq xəstəxana kompleksi, kəndlərdə 2 xəstəxana, 6 aptek, 4 tibb məntəqəsi və poliklinika tikiləndə Nəriman İsayevlə yaxından tanış olmuşdum. O vaxtlar bu obyektlərin quraşdırma işlərini məhz Nəriman müəllimin başçılıq etdiyi nazirliyin quraşdırıcıları aparırdılar. Onu mənimlə trestin müdiri Eldar Hacıyev yaxından tanış etmişdi. Mən Nəriman İsayevi əsl ziyalı, kamil biliyə malik ictimai xadim kimi tanımışam. Allah ona rəhmət eləsin.

Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, komissiya sədri, Ağdam qaçqını kimi Bakıda məskunlaşan Əfqan Qasımovun fikri isə belədir:

- Mən yarım əsrə qədər tikinti kompleksində məsul və rəhbər işdə çalışmışam. Nəriman İsayevi yaxşı tanıyırdım. O, vətənpərvər, ləyaqətli və əsl azərbaycanlı mütəxəssis kimi yadımda qalmışdır. O, bizim obyektlərdə də çox faydalı və sanballı əl izləri qoymuşdur. Mən hesab edirəm ki, Nəriman İsayev Azərbaycan tikinti kompleksinin korifeylərindən biridir. Bu gün ölkəmizdə tikinti meydançalarında hünər göstərənlərin xeyli hissəsi məhz dostumuz, həmkarımız Nəriman İsayevin yetişdirdiyi quraşdırıcılardır. Allah ona rəhmət eləsin, yeri behişt olsun!

Azərbaycan Respublikasının əməkdar inşaatçısı, AAŞ Ali Məclisin üzvü Kamil Xudiyev, "Şəki" şirkətinin prezidenti Nəsib Növbərov, AAŞ-ın üzvü, Ağdam rayon Əhmədavar kənd sakini, el ağsaqqalı, şəhid atası Saday Həsənov, "İnşaatçı" qəzetinin baş redaktoru Zərbalı Allahverdiyev, AJB-nin katibi, əməkdar jurnalist Oqtay Cəfərov və bir çox başqaları da Nəriman Ağaxan oğlu İsayevi çox yaxşı xatırlayır, onun ünvanına xoş sözlər söyləyir və birmənalı olaraq deyirlər:

- Nəriman İsayev əsl el adamı idi. Rəftarı, mehriban baxışı, səmimi danışığı, xeyirxah əməli ilə qəlblərdə yaşayır və yaşayacaqdır. Xalqımız heç zaman tanınmış mütəxəssis, gözəl insan, ləyaqətli dost və məhsuldar fəaliyyətini Azərbaycanımızın gözəlləşməsinə, çiçəklənməsinə sərf etmiş Nəriman İsayevi unuda bilməz. O, öz əməyi, əqidəsi, təmiz niyyəti ilə xalqımıza, vətənimizə elə bağlanıb ki, onu unutmaq, yaddan çıxarmaq müşkül məsələdir.

Bu sətirlərin müəllifi kimi deməliyəm ki, şəxsən mən – Bəhram İbrahimov Nəriman qardaşımla (bəzən mən ona yoldaş İsayev yox, Nəriman qardaş deyə müraciət edərdim) ötən əsrin 70-ci illərindən yaxından tanış idim. Baş İdarə rəisi və nazir işlədiyi vaxtlarda ölkəmizin müxtəlif bölgələrində işlə əlaqədar birgə ezamiyyətdə olmuşuq, çoxsaylı iclaslarda, müşavirələrdə birgə iştirak etmişik. Şəxsən məndən "Nəriman Ağaxan oğlunun insani keyfiyyətlərində nələri duymuşam, nələri müşahidə etmişəm?" - deyə soruşsalar, belə cavab verərəm:

- Bəzən deyirlər insan təbiətin doğma övladıdır. Bu fikirlə tam razıyam. Bunu mən Nəriman İsayevlə ünsiyyətdə olanda bir daha başa düşdüm, anladım. Belə ki, Nəriman müəllim təbiətə çox bağlı adam idi. Rayonlarda olduğumuz vaxtlarda, xüsusilə Qəbələ, Oğuz, Zaqatala, Gədəbəy, Kəlbəcər, Lənkəran və s. yerlərdə ezamiyyət vaxtında onun təbiətə olduqca bağlı bir adam olduğunu görmüşəm. Səfalı, mənzərəli, əsrarəngiz guşələrdə, təbiət qoynunda gəzməyi çox sevər və xoşlayardı rəhmətlik. Sərin sulu və buz bulaqlara, zümrüd meşələrə, məğrur duruşlu sıra dağlarımıza baxmaqdan doymazdı yeri behişt olmuş Nəriman müəllim!

O, bütün bu saydıqlarımdan və saymadığım neçə-neçə gözəllikdən zövq və mənəvi həzz alardı. Bax, bu cür çılğın istəklə, alovlu ehtiramla vətənimizin hər guşəsini, hər qarış torpağını sevirdi Nəriman İsayev. Mən hələ Araz çayının şırıltısına Nəriman müəllimin necə tamaşa edib dinləməsinə baxmışam. Xan Arazın axını boyu o tərəf-bu tərəfə gedərək, ürəyində astaca olaraq zümzümə etdiyini də sezmişəm. O, vətən torpağının hər qarışını ürəkdən sevirdi. Onun ürəyi elə sevməkdən maya tutmuşdu. Nəriman müəllimin sevgisi təkcə təbiət sevgisi deyildi. O, doğma xalqını, iş yoldaşlarını, dost və həmkarlarını ürəkdən sevirdi. Bu sevgi onun canında, qanında vardı. Elə bu səbəbdəndir ki, onun övladları da öz ataları kimi vətəncanlı, xalqını, torpağını sevəndir. Qoy Ulu Tanrı ata yolunu davam etdirməkdə onlara yardımçı olsun. Amin!

Bəli, böyük bir insanın – ömrünün yarıdan çoxunu yalnız tikmək, qurmaq, yaratmaq və abadlaşdırmağa sərf etmiş sanballı bir kişinin – Nəriman Ağaxan oğlu İsayevin mənalı keçən ömür yolundan bəhs etdik və həmin ömür yoluna bir işıq saçmağa çalışdıq. Bu, bir həqiqətdir. Bu, bir tarixdir. Tarixi gələcək nəslə çatdırmaq yaşlı nəslin borcudur.

Azərbaycan tikinti kompleksində Məmmədəli Abbasov, Sadıq Rəhimov, Əliş Ləmbəranski, Dadaş Asanov, Tofiq Səfərəliyev, Xudaverdi Hənifəyev, Telman Kazımov, Kazım Kazımov, Ənvər Əliyev, Litvin Abasov, Saday Quliyev, Sahib Rəhimov, Sabir Rzayev kimi ustadlar, korifeylər işləmiş, əl izləri qoymuş, ölkədə yaraşıqlı binalar tikmiş, yeni-yeni qəsəbələr salmışlar.

Bu kitabın baş qəhrəmanı Nəriman İsayev həmin şəxsiyyətlərin arasında mütləq vardır. Məhz Nəriman müəllimin biliyi, qayğısı, təcrübəsi sayəsində inzibati binalar, ucamərtəbəli yaşayış evləri, iri sənaye müəssisələri tikilib istismara buraxılmışdır. Ötən əsrin 60-80-ci illərdə ölkədə quraşdırma işləri aparan təşkilatlara birbaşa və bilavasitə rəhbərlik edən Nəriman İsayev uzun müddət çox mötəbər vəzifə sahibi olmuş və tarixə düşən nəhəng obyektlərin tikintisində səmərəli və faydalı əmək sərf etmişdir. Bakıda neftayırma və neft maşınqayırma zavodlarının yenidən qurulması və tikilməsində "Elou-AVT" qurğusu kimi vacib obyekti inşa etməkdə, Sumqayıtda iri sənaye ocaqlarını, respublikada tikib istifadəyə verilmiş 10-dək emal zavodlarının istismara buraxılmasında məhz Nəriman İsayevin rəhbərliyi altında çalışan quraşdırıcıların əməyi çoxdur. Nəriman müəllim harada və nə vəzifədə işləmişdirsə, bir qayda olaraq keyfiyyətli işi, sağlam düşüncəsi, obyektiv hərəkəti və davranışı ilə çoxlarına nümunə olmuşdur. Bir sözlə desək, Nəriman İsayev əsl azərbaycanlı kişisi, Vətən oğludur.