Səmimiliyi, paklığı ilə seçilirdi Nəriman müəllim...
İbrahim Abdullayev
"Bakıelektrikşəbəkə"nin sabiq direktoru
İbrahim Hüseyn oğlu Abdullayev 21 noyabr 1942-ci ildə Bakıda qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun yetirməsidir. Ömrünün 40 ildən çoxunu Bakı Elektrik Şəbəkəsində (BaQES) məsul və rəhbər vəzifələrdə keçirmişdir. Hazırda "BaŞEŞ"də sədrin texniki məsləhətçisidir.
“Hələ mən orta məktəbdə oxuduğum illərdən atam mənim dəqiq elmlər öyrənməyimə daha ciddi yanaşıb, dərindən öyrənməyimi tələb edirdi və mən də valideynimin arzusuna sözsüz əməl edirdim. Son nəticədə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil alıb, "BaQES"də - Bakı Elektrik Şəbəkəsində mühəndis kimi işə başladım. Sonralar texniki şöbəyə başçılıq etdim, baş mühəndisin müavini, direktorun müavini və 10 il direktor vəzifəsində işlədim.
Xatırlayıram: 1986-cı il. Ölkədə yenidənqurma təzəcə start götürmüşdü. Nəriman İsayevi bizim idarəyə - "BaQES"ə təzəcə baş direktor vəzifəsinə təyin etmişdilər. Qəflətən məni direktorun qəbul otağına çağırdılar. Nəriman müəllim adəti üzrə mənimlə səmimi və xeyli söhbət etdi. O, məni neçə vaxtdan bəri qiyabi də olsa, tanıdığını bildirdi. Bu vaxtacan haralarda necə işlədiyim barədə ətraflı məlumatı vardı. Sonda isə dedi: “Mən sənin atan Hüseyn kişini lap yaxşı tanıyıram. Çox savadlı, bacarıqlı mühəndisdir. Bizim sistemdə onun əməyi çoxdur. Aramızdakı yaş fərqinə baxmayaraq, onunla uzun müddət dostluq etmişəm. Atalarımızın gözəl bir məsəli var, deyərlər: "Ot kökü üstə bitər". Yuxarılarla da danışmışam. Günü sabahdan səni idarəmizə baş mühəndis vəzifəsinə keçirəcəyəm. Nə vaxta qədər baş mühəndisin müavini işləyəcəksən?”.
Beləliklə, mən paytaxtımızda sayılıb-seçilən ən nüfuzlu təşkilatlardan biri olan Bakı Elektrikləşdirmə İdarəsinə baş mühəndis vəzifəsinə təyin olundum. Heyf ki, biz çox da uzun müddət bir yerdə işləyə bilmədik. Cəmi iki il bir yerdə işlədik. Bu iki ildə Nəriman müəllimi elə tanıdım ki... O, harada və nə vəzifədə işləyibsə, hər zaman yenilikçi olub, çoxlu mütərəqqi üsullarının Azərbaycanda yayılmasına nail olubdur. Bakının işıqlandırılması, mövcud elektrik xətlərinin təzələnməsi və əsaslı təmiri kimi mühüm işlərə ciddi fikir vermişdir. Danılmaz və ibrətamiz fakt budur ki, Nəriman Ağaxan oğlu İsayev ilk dəfə təkcə Azərbaycanda deyil, bütövlükdə Zaqafqaziya respublikalarında telekommunikasiyanın tətbiqini həyata keçirmişdi. Bunun üçün biz Nəriman müəllimin nə qədər əziyyət çəkdiyinin, kimlərə ağız açdığının, kimlərin qüvvəsindən və ilk növbədə özünün potensial gücündən və dəyərli təcrübəsindən necə məharətlə istifadə edib böyük dövlət əhəmiyyəti olan bu işin müsbət həllinə necə nail olduğunun əyani şahidiyik. SSRİ adlı ölkədə yenidənqurma işlərinə başlanıldığı bir dövrdə bu cür mühüm və mürəkkəb işi uğurla həyata keçirmək, qələbə qazanmaq ancaq Nəriman İsayev kimi vətənpərvər, işgüzar, elinə, obasına bağlı bir mütəxəssis həyata keçirə bilərdi. Bax, Nəriman müəllimin də ucalığı burdadır!
Mən bu gün ixtiyar sahibli çağımda, el ağsaqqalı kimi yaşayıb-yaratdığım bir vaxtda yada salıram ki, Nəriman müəllim mənim qolumdan tutub, mənə dayaq olub, məsləhət verib və sonda mənə mötəbər bir vəzifə vermişdir. Onun mənə verdiyi etibarnamə - zəmanətlə mən onu doğrultdum və 10 il mən hörmətli direktorumuz Nəriman İsayevi ləyaqətlə əvəz edib, direktor işlədim. Bu gün "Bakıelektrikşəbəkə"də çalışan bir çox mütəxəssislər məhz Nəriman İsayevin xeyir-duası ilə bu sistemdə işə qəbul olunmuşlar və onlar özlərinə göstərilən qayğı, kömək və etimada görə hörmətli ustadı daim yad edirlər”.