Qəlbimizdə, ürəyimizdə yaşayan insan
Şair Həsənov
keçmiş tikinti materialları sənayesi naziri
Şair Nəcməddin oğlu Həsənov 1936-cı ildə Qusarda anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun yetirməsidir. Tikintinin briqadirindən nazir vəzifəsinədək, sonralar isə Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsinədək yüksəlmişdir. Hal-hazırda təqaüdçüdür.
“Lap yaxından tanıdığım və ömrünün sonuna kimi dostluq etdiyim adamlardan biri də Nəriman İsayevdir. Zənnimcə həyatda hamının sevimlisinə çevrilmək müşkül olan şeydir. Bütün bunlara bax-mayaraq, Nəriman müəllim hamının sevimlisinə çevrilmiş bir rəhbər işçi, hamının istədiyi məsul işçi olmuşdur. Mən onu müxtəlif rəhbər vəzifələrdə çalışdığı illərdə görmüşəm. Tələbkarlığı ilə yanaşı, xeyirxahlığı da vardı rəhmətliyin. Heç zaman ədalətsizliyə yol verməzdi, haqq, ədalət, insaf və mürüvvət qanı Nəriman İsayevin canına hopmuşdu...
İş elə gətirdi ki, əmək fəaliyyətimin bir neçə ilini Tikinti Materialları Sənayesi Nazirliyində keçi-rib nazir vəzifəsində işləməli oldum. Məndən əvvəl bu nazirliyə xeyli müddət rəhmətlik Nəriman İsa-yev rəhbərlik etmişdi. Bu iş yeri mənim üçün təzə və həm də az bələd olduğum sahə idi. Ona görə də müəyyən çətinliklərlə üzləşəcəyimi gözləyirdim. Xüsusilə kadrların yerləşdirilməsi, zavodların, kombinatların və müəssisələrin müasir avadanlıqlarla, texnika və texnologiyalarla təchizatında çətinliklər və problemlər olacağını gözləyirdim. Lakin belə olmadı. Çünki Nəriman İsayev bu sistemdə sabit və dəyərli kadrlar yetişdirib getmişdi. Bakı şifer kombinatı, Qaradağ sement zavodu, gips zavodu kimi iri müəssisələrdə xeyli yenidənqurma və genişləndirmə işləri aparılmışdı. Mən isə görülmüş işləri inamla sona çatdırmalı idim və belə də etdim. Bax, həmin illərdə mən Nəriman İsayevlə tez-tez görüşür, onunla məsləhətləşir, ondan gözəl, ağıllı məsləhətlər alırdım. Bəli, Nəriman İsayev xeyirxah insan olduğu üçün, xeyirli məsləhətlər də verirdi. Elə bu səbəbdəndir ki, bu gün xalqımız Nəriman İsayevi unutmur. Xalq şairimiz Səməd Vurğun sanki bu şeirini Nəriman müəllimə həsr etmişdir:
Qızılı udsa da qara buludlar,
Yenə qiymətini özündə saxlar.
Bəli, rəhmətlik Nəriman İsayev bizim hamımızın qəlbində, ürəyində yaşayır. Allah ona rəhmət eləsin. Amin!”.