“Ваш хлеб словно из камня выходит…”
Atakişi Quliyev
Azərbaycan Respublikasının əməkdar mühəndisi, dövlət qulluqçusu, təqaüdçü
Azərbaycan Politexnik İnstitutunun yetirməsidir. Uzun illər Tikinti Materialları Sənayesi Nazirliyinin sistemində məsul və rəhbər vəzifələrdə işləmişdir. Qaradağ daş karxanasının və sement zavodunun direktoru, Qaradağ rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışmış, dəfələrlə rayon və Bakı şəhər sovetinə deputat seçilmiş, bir neçə orden və medalla təltif olunmuş, respublikanın əməkdar mühəndisi adına layiq görülmüşdür. Hazırda dövlət qulluqçusu, təqaüdçüdür.
“Sərlövhəyə qoyulan "Çörəyiniz daşdan çıxır" cümləsi Nəriman Ağaxan oğlu İsayevə məxsusdur. Tabe olduğumuz Tikinti Materialları Sənayesi Nazirliyinə başçılıq etməyə başladığı ilk gün adəti üzrə tanışlıq üçün bütün müəssisələrin rəhbərləri ilə görüş keçirirdi. Növbə mənə çatanda durub özümü təqdim etdim: Qaradağ Tikinti Materialları Kombinatının direktoru. Nəriman müəllim özünəməxsus tərzdə gülümsəyərək dedi:
- Sizi tanıyıram, bilirəm ki, çörəyiniz daşdan çıxır.
Nazirimiz haqlı idi. Həqiqətən o, məni, mən də onu tanıyırdım. İclas və müşavirələrdə, respublika miqyaslı tədbirlərdə görüşərdik. Dostluq etməsək də, bir-birimizi ətraflı tanıyırdıq və həmişə çox səmimi görüşərdik. Həm də Nəriman müəllim düz deyirdi. Doğrudan da bizim çörəyimiz daşdan çıxırdı, kombinatımız daş istehsal edirdi...
Əvvəlcədən deyim ki, Nəriman İsayev bizim nazir olana qədər mən onun rəsmi yığıncaqlarındakı obyektiv və qərəzsiz çıxışlarını dinləmişdim. Ayrı-ayrı toplantı və tədbirlərdə fasilə vaxtında məsul və rəhbər işçilərin onunla səmimi söhbətlərinin şahidi olmuşdum. Mənim ona böyük hörmətim vardı. Elə buna görə də bizim nazirimiz vəzifəsinə təyinatı mənim, necə deyərlər, ürəyimcə oldu.
O, bizim nazirliyin rəhbəri vəzifəsində işlədiyi vaxtda mən şəxsən Nəriman müəllimdən çox şey öyrəndim. İlk öncə onun sadəliyi və səmimiliyi, operativliyi və dəqiqliyi diqqətimdən yayınmadı. İlk öncə Nəriman müəllim nazirliyin bütün idarə və müəssisələrində görüşlər keçirtdi, mühəndis-texniki işçilər və qulluqçularla tanış oldu. Onun ardınca hər bir müəssisənin dərdi-səri, problemi, ehtiyacı barədə işçilərin təklif və rəylərini öyrənib nəzərə aldı və onları ümumiləşdirib qısa bir vaxtda nazirliyin perspektiv iş planlarını tərtib edərək, lazım gələndə respublika rəhbərliyindən kömək istədi. Çox yaxşı haldır ki, o vaxtlar respublikaya rəhbərlik edən Heydər Əliyev Tikinti Materialları Sənayesi Nazirliyinə hərtərəfli kömək göstərdi və məhz buna görə də nazirliyin əksər müəssisələri tez-tez o vaxtlar dəbdə olan keçici qırmızı bayraqlar aldı. O cümlədən başçılıq etdiyim Qaradağ
Tikinti Materi-alları Kombinatı SSRİ Tikinti Materialları Sənayesi Nazirliyi ilə Tikinti Materialları Sənayesi Həmkarlar İttifaqı Mərkəzi Şurasının Keçici Qırmızı Bayrağı və pul mükafatı ilə təltif olundu.
Nəriman İsayev ləyaqətli insan idi. O, ağsaqqal sözünü eşidən, böyük-kiçik yerini bilən əsl Allah adamı idi. Nəriman İsayev kəsdiyi çörəyə sona qədər sadiqliyi ilə həmkarlarından və həmyaşıdlarından seçilərdi. Onun bu cür keyfiyyətə malik olması çox az kişilərdə olardı. Elimizdə-obamızda belə bir misal var deyərlər: "Kişinin adını çörək ucaldar". Birmənalı olaraq deyirəm: bu el məsələsi birbaşa Nəriman müəllimin ünvanına demək olar. Çünki Nəriman Ağaxan oğlu İsayev çörəkli və gərəkli kişi olmuşdur. O, hər bir müəssisə başçısına məsləhət görər, tapşırardı: fəhlə və qulluqçulara, xüsusən daş kəsən maşinistlərin, yükləyici fəhlələrin zəhmət haqqını gecikdirməyin, onların ailə-məişət məsələləri ilə maraqlanın, hər bir çıxışı, məhsuldar əməyi, onun yaxşı qazanması, bol çörəyi ilə əlaqədar olduğunu unutmayın!
Mənəvi cəhətcə sağlam və zəngin olan Nəriman İsayev öz işçiləri, dostları və həmkarları ilə çörək tikəsini bölməyi bacaran rəhbər idi. Müəssisəmizə gələndə onlarla fəhlə ilə səmimi görüşər, söhbət edər, fəhlə yataqxanasına, yeməkxanaya, hətta məişət otağına mütləq baş çəkərdi. O, istəyirdi ki, zəhmətkeşlərdə hər şey normal olsun.
Nəriman İsayevi tanıyanlar onu xeyirxah bir insan, camaata qaynayıb-qarışan adam, mehriban və əziz dost, prinsipial və obyektiv rəhbər işçi kimi xatırlayırlar. Sanki çox hörmətli şairimiz Mirvarid Dilbazi Nəriman İsayev kimi əsl insanı ev adamı yox, el adamını görüb bu misraları yazmışdır:
Böyüklərə hörmət elə,
Kiçikləri əzizlə
Bu dünyada hər zaman.
Bir yıxılan görəndə,
Tut əlindən balacan,
Xeyir işlər görməyə
Çalışmışdır insan.
Bax, beləcə sonluqla bitən bu kiçik şeir parçasını mən Nəriman müəllimin ünvanına ünvanlayıram. O, neçə vaxtdır ki, işıqlı dünyamızda yoxdur. Ancaq Nərimansevərlər yüzlərlə, minlərlə həyat-da yaşayırlar, yaradırlar. Onlar Nəriman müəllimdən nümunə götürmüşlər.
Mən fürsətdən istifadə edib Nəriman Ağaxan oğlunun idarəçilik üsulundan, alicənab hörmət və davranışından, onun etika tələblərinə uyğun olaraq təmaslarından, lazımi tənqidi edəndə, bu tənqidi qərəzliklə yox, şəxsiyyətə toxunmaq yolu ilə yox, saf əqidə ilə vurğulamaq təcrübəsindən, zamanın tələb etdiyi saysız-hesabsız yoxlamaların, təftişlərin nəticəsi olaraq dəyərli insanların ziyan çəkməsinə, ləkələnməsinə imkan verməməsindən və s. danışmaq istəyirəm.
Nə qədər müddət keçib, amma bu gün də biz çox məmnuniyyətlə və razılıq hissi ilə Nəriman İsayevin kollegiya iclasını necə aparmasını xatırlayır, yada salırıq. İclasda nazirimiz çox sadə dildə danışar, faktlara, dəlillərə əsaslanardı. Kimsəni təhqir etməzdi, onun dilindən kimsə inciməzdi. Yoxlamalar, təftişlər zamanı çox dəqiq olar, hər hansı bir şikayət məktubuna həssaslıqla yanaşardı. Yersiz yoxlamalara, böhtan xarakterli şikayətlərə qarşı amansız idi. Ərizəbazları, özündən uydurma danışanları qətiyyən sevməzdi. Pozuntulara qarşı ciddi idi. Ancaq ev yıxmaqla, kimisə həbsə göndər-məklə işi olmazdı. Səhv iş görənə, pozuntulara yol verənlərə imkanı dairəsində özü qanunauyğun cəza verərdi rəhmətlik.
Ayrı-ayrı idarə və müəssisələrin illik yoxlamaları sonda nazirlikdə geniş müzakirə olunardı. Bax, belə vaxtda Nəriman müəllim çalışardı ki, kəm-kəsirlərin, nöqsanların ləğvi üçün nazirlik çərçivəsində iş görülsün. Bir sözlə, nazirimiz insanları bəladan qoruyardı. O, hər bir şikayəti dəqiq yoxlatdırar və sonda kimə isə cəza vermək lazım gələndə bir az yumşalar və yüngül cəza verərdi. Bax, bu keyfiyyətlərinə görə biz hamımız ona bu gün də minnətdarıq və onun ruhuna dua oxuyuruq.
Böyük rus xalqının görkəmli ədibi L.Tolstoy yazmışdır: "Yaxşı iş hər şeyi məğlub edir və özü heç vaxt məğlub olmur". Sanki bu sözlər Nəriman müəllimə aiddir. Nəriman müəllim heç zaman məğlub olmamışdır. Çünki o, yaxşı adam, ləyaqətli insan, gözəl rəhbər işçi idi. Ulularımız, atalarımız buyurmuşlar: "Pələng ölür – dərisi, fil ölür – sümüyü, insan ölür – adı qalır". Allah Nəriman müəllimə rəhmət eləsin. O, vəfat etmişdir. Ancaq adı qalmış, həm də çox yaxşı adı qalmışdır”.